ABŞ prezident seçkilərində diqqətdən qaçmış detal - pulun gücü| Kampaniya necə maliyyələşdirilir?

2024/12/1734765392.jpg
Oxunub: 726     16:15     22 Dekabr 2024    
Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən prezident seçkiləri üçün geri sayım davam edərkən, sorğular Demokratlar Partiyasının namizədi Kamala Harris ilə Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında gərgin rəqabətin olduğunu göstərirdi.

Kampaniya ianələrinə nəzər salsaq, Harrisin Trampdan açıq üstünlüyü var idi. Partiyaların ümumi ianə məbləği 1,5 milyard dolları keçdiyi halda, demokratlar 1 004 978 132 dollar, respublikaçılar isə 468 152 242 dollar toplamışdılar. Harrisin iyul ayında prezidentlik yarışında iştirakı demokratlara əhəmiyyətli təkan vermişdi. Avqust ayında Harrisin kampaniyası 361 milyon dollar toplayarkən, Trampın kampaniyası eyni dövrdə yalnız 130 milyon dollar toplaya bilmişdi.

Siyasi Fəaliyyət Komitələrinə (PACs) və Super “PACs”lara baxdığımızda, çox fərqli mənzərə görünür. Harrisi dəstəkləyən “Super PACs”lar 273 milyon dollardan çox toplayarkən, Trampı dəstəkləyən “Super PACs”ların topladığı ianələr 310 milyon dolları keçmişdi.

Kampaniya necə maliyyələşdirilir?

ABŞ-də kampaniyanın maliyyələşdirilməsi prosesinə Federal Seçki Komissiyası (FEC) nəzarət edir. Fərdi ianəçilər namizədə maksimum 3300 ABŞ dolları, “PACs”lərə isə 5000 dollara qədər ianə verə bilərlər. “Super PACa”lar qeyri-məhdud miqdarda ianə toplaya və xərcləyə bilər, lakin onlar birbaşa namizədlərin kampaniyaları ilə əlaqələndirə bilməzlər. Kampaniya maliyyəsinin ən mübahisəli elementi olan “qaranlıq pul”, yəni ianəçiləri açıqlanmayan xərclər spekulyasiyalara açıq mövzu olmaqda davam edir.

ABŞ seçki sistemi namizədlərin böyük kampaniya büdcələrinə ehtiyac duyduğu struktur üzərində qurulub. Bu, pul, lobbi qrupları, siyasətçilər və siyasi qərarlar arasındakı əlaqəni ayrılmaz bir bütöv edir. Xüsusilə, 2010-cu ildə Ali Məhkəmənin “Citizens United v. FEC” qərarı ilə şirkətlərin, həmkarlar ittifaqlarının və digər strukturların qeyri-məhdud seçki xərci etməsinə icazə verilməsindən etibarən seçki xərcləri astronomik səviyyəyə çatmışdı və 2020-ci il seçkiləri 14 milyard dolları keçərək, tarixdə ən bahalı seçki olmuşdu.

Pulun gücü və tələblər

2024-cü il prezident seçkilərində kapital sahibləri və lobbi qrupları “Super PACs”lar və “qaranlıq pullar” vasitəsilə namizədlərin siyasətlərini öz maraqlarına uyğun istiqamətləndirə bildilər. Bunun ən bariz nümunəsi, “X” hesabında yarışda qalacağını və Trampı məğlub edəcəyini bildirməsinə baxmayaraq, maliyyə dəstəyi təhdidləri və sonrakı ictimai təzyiq səbəbiylə bir neçə saat sonra namizədliyini geri götürən prezident Co Bayden ola bilər.

Bayden kampaniya ianələrinin əksəriyyətini 2000 dollardan çox böyük ianələrdən və “Super PACs”lardan təmin edirdi. Trampla müqayisədə kiçik ianə toplamaqda problem yaşasa da, böyük ianəçilərin dəstəyi ilə kampaniyasını davam etdirən Bayden 27 iyun prezident seçkiləri ilə bağlı uğursuz müzakirələrdən sonra böyük şirkətlərin və lobbi qruplarının reaksiyasını çəkmişdi. Nəhayət, Bayden praymerizlərdə aldığı 3800-dən çox nümayəndənin dəstəyinə baxmayaraq, yarışdan geri çəkilməli oldu.

Yarışdakı digər tanınmış adları da araşdırmaq vacibdir. Harris və Trampdan sonra ən çox ianə toplayan ad Trampın respublikaçıların praymerizlərindəki rəqibi Nikki Heyli idi. Heylinin kampaniya ianələrinin təxminən 49 faizi 2000 dollardan çox töhfələr və “Super PACs”lərdən gəlirdi. Demokratların praymerizindən çəkilərək, müstəqil namizəd olmuş və bu yaxınlarda Trampı dəstəklədiyini açıqlamış kiçik Robert Kennedi vəsaitlərinin təxminən 38 faizini respublikaçı Ronald Reyqan dövründəki müşavir Qevin de Bekker kimi varlı tərəfdarlardan alıb.

Heylinin praymerizdə Trampa qalib gələrək, respublikaçı namizəd olması, Kennedinin isə kritik ştatlarda Baydenin səslərini oğurlayaraq, respublikaçılara üstünlük qazandırması fərqli maraq qruplarını həyəcanlandırdı və bu namizədlərə kiçik ianələr deyil, böyük maraq qrupları tərəfindən dəstək verilməsinə səbəb olmuşdu. Kampaniya ianələrində lobbilərin ən mühüm motivasiyası dəstəklədikləri namizədlər seçildikdə maraqlarını qoruyacaq siyasətlərin həyata keçirilməsini təmin etməkdir.

Trampın sərt immiqrasiya siyasəti texnologiya və kənd təsərrüfatı sektorlarında xarici işçilərdən asılı olan bir çox şirkətləri təhdid edir. Onun prezidentliyi dövründə H1-B vizası kimi proqramlara qoyulan məhdudiyyətlər bu sektorlarda işçi çatışmazlığına səbəb olub. Bu səbəbdən ianələr üçün demokratların daha mülayim immiqrasiya siyasətlərinə müraciət edən şirkətlər var idi. Digər tərəfdən Trampı dəstəkləyən şirkətlər də var idi ki, o, indiki 21 faizdən 15 faizə qədər maksimum korporativ vergi dərəcəsini azaltmağı nəzərdə tutur.

Kiçik ianəçilər: İctimai dəstəyin göstəricisi

Kampaniya ianələri ilə bağlı ən vacib məqam kiçik və fərdi ianələrin araşdırılmasıdır. Bu ianələr ictimai dəstəyin ən mühüm göstəricisi ola bilər. Kiçik ianəçilər Trampın seçki kampaniyası ianələrinin 31,6 faizini, Harrisin isə 42,13 faizini təmin ediblər. Trampın üzləşdiyi hüquqi problemlər onun kampaniyasını “dərin dövlət” sui-qəsdi üzərində qurmasına səbəb olmuşdu.

Bu rəvayət Trampın əsası ilə böyük rezonans doğurdu və məhkəmə prosesləri ilə eyni vaxtda fərdi ianələrdə əhəmiyyətli artım müşahidə edildi. Aprel ayında baş verən “Sus Payı” davasından sonra, may ayında Trampın kampaniya ianələrinin yalnız 4 faizi böyük ianəçilərdən gələrkən, 30 faizi 200 dollardan aşağı olan kiçik ianələrdən ibarət olub. Demokratlar cəbhəsində isə fərdi ianələr Kamala Harrisin namizədliyi ilə sürət qazanmışdı.

Harris avqust ayında ianələrinin üçdə ikisini ilk dəfə donorlardan alıb, ümumi ianələrinin əksəriyyəti isə 200 dollardan az olan kiçik məbləğlərdən əldə olunub. Bu, demokratların bazalarını genişləndirmək və yeni seçicilərlə əlaqə qurmaq strategiyasının bir hissəsini təşkil edirdi. Artıq görünən və gizli pul axınının 2024-cü il seçkilərinin nəticələrini formalaşdırdığı məlumdur, hazırda seçkidən sonra Trampın kampaniyasını maliyyələşdirənlərin tələblərinin ön plana çıxacağı şübhəsizdir. Cədvəlin yuxarı başında ilk olaraq İlon Maskın adının yazıldığı da şübhəsizdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Seçki   Prezident   Tramp  


Bizi "telegram"da izləyin